"S&P" SOCAR-ın reytinqi üzrə proqnozunu yüksəldib

"S&P" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqi üzrə proqnozunu "Stabil"dən "Müsbət"ə yüksəldib, reytinqini isə "BB" səviyyəsində təsdiqləyib.

Bu barədə "Report" "S&P"yə istinadən xəbər verir.

"Müsbət proqnoz SOCAR-ın kredit göstəricilərinin və maliyyə siyasətinin onun reytinqinin yüksəldilməsi imkanını əks etdirir. Reytinqin yüksəldilməsi isə şirkətin müstəqil kredit profilinin (SACP) - "bb-" ilə müqayisə edilə bilən səviyyədə saxlanılması şərtilə Azərbaycanın kredit qabiliyyətinin daha da yaxşılaşacağı halda mümkündür", - məlumatda qeyd olunur.

Xatırladaq ki, 2025-ci il noyabrın 12-də "S&P" SOCAR-ın müstəqil kredit profilini "b"dən "bb-"yə dəyişdikdən sonra onun reytinqini "BB-"dən "BB"yə yüksəltmişdi.

Agentlikdə qeyd ediblər ki, reytinqin yüksəldilməsi SOCAR-ın maliyyə siyasətinin şəffaflığının və məlumatların açıqlanması səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasının nəticəsidir ki, bu da şirkətin əsas fəaliyyət göstəricilərinin proqnozlaşdırılmasını daha da mümkün edib. SOCAR tamamilə dövlətə məxsusdur və onun nəzarəti altındadır, bununla əlaqədar olaraq "S&P" maliyyə çətinliklərinin yaranacağı halda dövlət dəstəyinin göstərilməsi ehtimalını çox yüksək qiymətləndirir.

Müvafiq olaraq, son zamanlar Azərbaycanın suveren kredit keyfiyyətinin, o cümlədən SOCAR kimi dövlət şirkətlərini dəstəkləmək üçün maliyyə imkanlarının güclənməsi şirkətin kredit profilinə də müsbət təsir göstərir.

"S&P" vurğulayır ki, SOCAR üzrə müsbət proqnoz Azərbaycanın suveren reytinqi üzrə oxşar qərarın məntiqi davamıdır və bir sıra amillərlə şərtlənir.

Xüsusilə agentlik sülh prosesinin irəliləməsi və hər iki ölkənin 2026-cı il büdcələrində müdafiə xərclərinin azalması fonunda Azərbaycan və Ermənistan arasında gərginliyin əhəmiyyətli dərəcədə azaldığını qeyd edir. "S&P" hesab edir ki, bu dəyişikliklər münaqişənin yenidən başlanması riskini azaldıb və bunun davam edəcəyi təqdirdə investorların etimadını dəstəkləyə, həmçinin Cənubi Qafqazda regional ticarət və nəqliyyat əlaqələrinin yaxşılaşması hesabına daha yüksək ortamüddətli iqtisadi artıma töhfə verə bilər.

Bundan başqa, agentlik Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) əhəmiyyətli aktivləri ilə dəstəklənən son dərəcə güclü büdcə və xarici buferlərə diqqət çəkir. "S&P"nin qiymətləndirmələrinə görə, dövlət idarəetmə sektorunun aktivlərinin dayanıqlı mövqeyi və dövlət borcunun aşağı səviyyəsi böyük iqtisadi dayanıqlığı təmin edir və karbohidrogen qiymətlərinin dəyişkənliyinin təsirini yumşaltmaqla makroiqtisadi sabitliyi dəstəkləyir.

"Biz geosiyasi risklərin azalması və maliyyə buferlərinin qorunması fonunda ortamüddətli perspektivdə Azərbaycanın fundamental kredit göstəricilərinin yaxşılaşacağını gözləyirik. Rəsmi olaraq sülh müqaviləsinin imzalanmamasına baxmayaraq, tərəflərin götürdüyü öhdəliklər və onların həyata keçirilməsi istiqamətində atılan ilk addımlar onilliklər ərzində ikitərəfli münasibətlərin ən konstruktiv mərhələsidir və investisiya mühitinin yaxşılaşmasına, eləcə də iqtisadi potensialın artmasına töhfə verə bilər", - "S&P" qeyd edir.

Agentlikdə həmçinin vurğulayıblar ki, növbəti 12 ay ərzində SOCAR-ın reytinqinin yüksəldilməsi iki əsas amildən asılı olacaq. Birinci amil Azərbaycanın kredit qabiliyyətinin daha da möhkəmlənməsidir – bu, lazım gələrsə, SOCAR-ı dəstəkləmək üçün onun maliyyə imkanlarının artmasının göstəricisi olacaq. İkinci amil isə SOCAR-ın müstəqil kredit profilinin "bb-" səviyyəsindən aşağı olmaması, həmçinin şirkətin maliyyə siyasətinin və kredit göstəricilərinin agentliyin hədd göstəricilərinə uyğun olmasıdır.

Digər xəbərlər