Deputat: "Qarabağın iqtisadiyyatı son 5 ildə 4 dəfə böyüyüb"

2020-2025-ci illərdə Qarabağ iqtisadi rayonunda ümumi daxili məhsul istehsalı (ÜDM) təxminən 4 dəfə artıb.

"Report"un məlumatına görə, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi dəyəri 1 milyard 548 milyon manat olduğu halda, 2025-ci ildə 6 milyard manata çatıb. Qarabağ iqtisadi rayonuna yalnız işğaldan azad edilmiş ərazilər daxil deyil. Bununla belə, həmin ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, iqtisadiyyatın inkişafı iqtisadi rayon üzrə məhsul istehsalına birbaşa təsir göstərir.

Deputat qeyd edib ki, 2025-ci ildə Ağdam rayonunda sənaye məhsullarının dəyəri 1 milyard 2 milyon manat təşkil edib: "Bu, əvvəlki illə müqayisədə 17,4 dəfə çoxdur. Kənd təsərrüfatında isə ikiqat artım qeydə alınıb.

Qarabağda istehsal olunan müxtəlif sənaye və qeyri-sənaye məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya da daxil olmaqla, daha geniş coğrafiyaya ixrac edilir. Zəfərdən sonra ötən qısa müddət ərzində, xüsusilə bərpa və yenidənqurma işləri hesabına Qarabağda tikinti sektorunda 10 dəfədən çox artım qeydə alınıb".

V.Bayramov vurğulayıb ki, Qubadlının daxil olduğu, Şərqi Zəngəzur iqtisadi rayonunda da iqtisadi inkişaf sürətlənib: "Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfədən çox böyüyərək 4 milyard manata çatıb. 2020-ci ildə bu iqtisadi rayonda cəmi 134 milyon manatlıq məhsul istehsal olunurdusa, hazırda göstərici 4 milyard manata yüksəlib. Bütün bunlar Azərbaycanın iqtisadi potensialını və işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını əks etdirir. Qarabağda bərpa və yenidənqurma işlərinin genişlənməsi, istehsalın və ixracın artması regionun ölkə iqtisadiyyatının mühüm hərəkətverici qüvvələrindən birinə çevrildiyini göstərir".

Digər xəbərlər