Azərbaycanın faktorinq şirkətinin istiqrazlarına 5 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanın aparıcı faktorinq şirkəti - “Ferrum Kapital” MMC-nin 2,5 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 2 500 ədəd istiqraz standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 5 investor 2,5 milyon manatlıq 5 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital lnvestisiya Şirkəti" ASC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin təsisçiləri Qafar Dəmirçi (68 %), Məhəmməd Həbibzadə (23 %), “AQA Şirkətlər Qrupu” MMC (4,5 %) və “Vesta İnvestment” MMC-dir (4,5 %).

Digər xəbərlər