Azərbaycan 2027-2029-cu illərdə rəqabət siyasətini rəqabət neytrallığının gücləndirilməsinə, bazara daxilolma maneələrinin qiymətləndirilməsinə, bazarların diaqnostikasına və məlumatlara əsaslanan tənzimləmənin inkişaf etdirilməsinə yönəldəcək.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında bildirib.
Onun sözlərinə görə, bu istiqamətlər 2027-2029-cu illər üçün rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınması üzrə Milli Fəaliyyət Planında təsbit edilib.
E.Bağırov qeyd edib ki, müasir rəqabət siyasəti sürətlə dəyişən bazar münasibətlərinə daim uyğunlaşmalıdır: "Rəqəmsallaşma, yeni biznes modellərinin yaranması, infrastruktur sahələrində texnoloji dəyişikliklər və qlobal təchizat zəncirlərindəki proseslər antiinhisar tənzimləməsi alətlərinin davamlı olaraq təkmilləşdirilməsini tələb edir. Bu şəraitdə antiinhisar orqanlarının vəzifəsi bazara daxil olmaq imkanlarını genişləndirən, sahibkarlıq fəaliyyətini və investisiyaları stimullaşdıran mühitin formalaşdırılmasından ibarətdir. Azərbaycanda bu istiqamətdə mühüm hüquqi və institusional islahatlar həyata keçirilib. Rəqabət Məcəlləsi rəqabət qanunvericiliyinin müasir tələblərə uyğun tətbiqi üçün əsas yaradıb".
Agentliyin rəhbəri qurumun praktiki işi barədə də məlumat verib: "2026-cı ildə haqsız rəqabət və dominant mövqedən sui-istifadə halları, eləcə də təbii inhisar subyektlərinin hərəkətləri araşdırılıb. Qanunla nəzərdə tutulmuş əsaslar olduqda müvafiq qərarlar qəbul edilib. Xüsusilə, elektrik enerjisi təchizatı sahəsindəki işlər üzrə istehlakçıların hüquq və mənafelərinə toxunan addımların aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər verilib".
Onun sözlərinə görə, bir sıra hallarda təsərrüfat subyektləri pozuntuları hələ araşdırma gedişatında könüllü şəkildə aradan qaldırıb ki, bu da agentlik tərəfindən müsbət nəticə kimi qiymətləndirilir: "Bu təcrübə göstərir ki, səmərəli nəzarət məsuliyyət tədbirlərini tətbiq etməyə, pozuntuların qarşısını almağa imkan verir".