“Bank VTB Azərbaycan” mənfəətini 52% artırıb

“Bank VTB Azərbaycan” ASC bu ilin yanvar-sentyabr aylarını 3,921 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 51,7% çoxdur.

9 ay ərzində “Bank VTB Azərbaycan”ın gəlirləri 17,653 milyon manat (illik müqayisədə 2 dəfə çox), xərcləri 18,439 milyon manat (28,5% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 4,707 milyon manat (42,3% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 206,152 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,2% çoxdur. Bunun 133,871 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 75,7 % böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 10,8% artaraq 137,775 milyon manata, o cümlədən depozit portfeli 11,1% artaraq 86,539 milyon manata, balans kapitalı isə 9,1% artaraq 68,376 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Digər xəbərlər