Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 424,105 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 15,1 % azalaraq 169,73 milyon manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-oktyabr aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ilin eyni dövründə 47,7 manat olub.
Xatırladaq ki, bu ilin 11 ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 875,132 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 14% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,953 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 6,7 % azdır.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.