Azərbaycanda icbari sığorta bazarı 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 309,608 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 125,961 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 27,1 % çoxdur.

Beləliklə, 11 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 33,5 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 222,166 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 10,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 694,053 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 39,5 % çoxdur.

11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,9 manat olub.

Digər xəbərlər