Azərbaycanda enerji auditi tətbiq oluna bilər

Auditorlar Palatası ölkədə enerji auditinin tətbiqi imkanlarını nəzərdən keçirir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Xatırladaq ki, oktyuabrın 13-də Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası olub. Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda yeni növ auditor xidmətləri, o cümlədən marketinq, sosial, biznes və digər auditor xidmətləri üzrə müvafiq materialların hazırlanması və tətbiq edilməsi məsələləri müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.

“Hazırda böyük perspektivə malik enerji auditinin tətbiqi barədə düşünürük, həmçinin rəqəmsallaşmanın tələblərindən irəli gələn yeni audit növlərinin yaranacağını gözləyirik. Təhsil və tibb sahələri üzrə də sahəvi xidmətlərə ehtiyac duyulur.

Yeni növ auditor xidmətinin tətbiqi, xidmət bazarının genişlənməsi bu sahədə yəni marketinq, sosial və biznes sahələrində şəffaflığın təmin olunması, işgüzar tərəfdaşlarda həmin sahələr üzrə inkişafa dair əminliyə olan ehtiyac zərurətindən irəli gəlib. Bu xidmət növlərini əslində bəzi qabaqcıl auditor təşkilatları tətbiq edir. Palatanın bu sahəyə diqqət yetirməsi potensial audit sifarişçilərinin və bütövlükdə cəmiyyətin həm də auditorların bu sahələr barədə məlumatlandırılması və onların tətbiqinə dəstək verilməsi məqsədi daşıyır.

Yuxarıda qeyd etdiyimiz kimi hər yeni növ auditor xidmətinə zərurəti bazar yaradır. Yəni tələb yaranarsa peşəkarlar həmin tələbə müvafiq olaraq təklif formalaşdırar. Cəmiyyətin bütövlükdə inkişafı yeni fəaliyyət sahələrinin yaranmasına səbəb olur. O da öz növbəsində bu sahədə şəffaflığa, daha təkmil idarəetməyə tələb yaradır. Misal olaraq, son 20 il ərzində iri ticarət mərkəzlərinin, super və hipermarketlərin yaranmasını göstərmək olar. Bu ticarət şəbəkələri audit qarşısında da müəyyən tələblər yaradır. Digər bir istiqamət sənayenin, kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Təkcə əldə etdiyi mənfəət barəsində düşünmür, həm də bu mənfəətlə əldə etməli olduğu mənfəət barəsində düşünür. Bu isə öz növbəsində səmərəlilik auditinə tələb yaradır", - deyə açıqlamada qeyd olunub.

Digər xəbərlər