Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 3 dəfə artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 176 milyon 566 min manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 48 milyon 683 min manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur.

Əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 27,6 manatı ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 11,8 manat olub.

Xatırladaq ki, yanvar-oktyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 19,745 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 27,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 455,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,6 % çoxdur.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 45 manat olub.

Digər xəbərlər