Azərbaycan Mərkəzi Bankı daha 2 banka icrası məcburi sərəncam verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Rabitəbank” və “Unibank” ASC-lərə icrası məcburi sərəncam verib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Rabitəbank” məcmu halda likvidliyin örtülmə əmsalını düzgün hesablamayıb, bununla da yanvarın 15-nə AMB-yə təqdim etdiyi hesabatda qurumun “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş tələbi təmin etməyib. Odur ki, “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq banka bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

“Unibank” isə "Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin 7.5-ci bəndinin tələblərinə zidd olaraq valyuta mübadiləsi əməliyyatlarına dair məlumatları təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim etməyib. Odur ki, “Banklar haqqında” qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, banka gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Digər xəbərlər