Bu ilin yanvar-may aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar əsas kapitala 1 milyard 258,2 milyon manat vəsait yönəldib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 % azdır.
Bu il xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 214,3 milyon manatı (96,5 %-i) Böyük Britaniya, İsveçrə, ABŞ, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.
Bu ilin yanvarında xarici müəssisə və təşkilatlar əsas kapitala 296,1 milyon manat, fevralda 264,2 milyon manat, mart ayında 203,8 milyon manat, aprel ayında 224,4 milyon manat, may ayında isə 269,8 milyon manat vəsait yönəldib ki, bu da, ötən ilin müvafiq ayları ilə müqayisədə 14,5 %, 15,7 %, 2,3 dəfə, 2,2 dəfə və 2,5 dəfə azdır. Aylar üzrə xarici müəssisə və təşkilatların əsas kapitala yönəltdiyi vəsaitlərin ümumi investisiyalardakı payı 45 %, 38,7 %, 18,5 %, 18,1% və 21,8 % təşkil edib.