ADB 2030-cu ilə qədər transsərhəd əməliyyatlarının payını 30 %-ə çatdırmağı planlaşdırır

Asiya İnkişaf Bankı (ADB) regional əməkdaşlıq və inteqrasiyanın inkişafına dair yenilənmiş yanaşmanı təqdim edib və bu çərçivədə transsərhəd təşəbbüslərin dəstəklənməsinə yönəlmiş əməliyyatların payını 2030-cu ilə qədər 30 %-ə çatdırmağı hədəfləyir.

Bu barədə "Report" ADB-yə istinadən xəbər verir.

"Güclənən ticarət maneələri və geosiyasi gərginlik iqtisadiyyatlarımızın fəaliyyətini təmin edən əlaqələrə təzyiq göstərir. Məhz indi, işlərin daha da çətinləşdiyi bir vaxtda, əməkdaşlıq sahəsində səylərimizi ikiqat artırmalıyıq", - ADB-nin prezidenti Masato Kanda Manilada Regional əməkdaşlıq və inteqrasiya üzrə Konfransın açılışında bildirib.

Mart ayında təsdiqlənmiş yenilənmiş əməliyyat yanaşması ticarət və investisiya axınlarının genişləndirilməsi vasitəsilə məhsuldarlığın artırılmasına, həmçinin ümumi iqtisadi və ekoloji təhdidlərə qarşı dayanıqlılığın yüksəldilməsinə yönəldilib.

ADB transsərhəd enerji şəbəkələrinin formalaşdırılmasını, nəqliyyat və rəqəmsal infrastrukturun təkmilləşdirilməsini, ticarət prosedurlarının sadələşdirilməsini, həmçinin təbii sərvətlərin kollektiv mühafizəsini və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına hazırlığı fəaliyyətinin prioritet istiqamətlərinə aid edib.

Bundan başqa, strateji sənəd regional əməkdaşlıq proqramlarının layihələndirilməsi və maliyyələşdirilməsi mexanizmlərinin yenidən nəzərdən keçirilməsini nəzərdə tutur. Xüsusilə, iştirakçı ölkələr arasında işçi qruplarının koordinasiyasını optimallaşdırmaq və dövlətlərarası layihələrin icrasına özəl kapitalı fəal şəkildə cəlb etmək nəzərdə tutulur.

ADB Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) və Sakit Okean Adaları Forumu ilə artıq formalaşmış tərəfdaşlıqlardan, həmçinin regional proqramlardan, o cümlədən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC), Böyük Mekonq (GMS) və Cənubi Asiya Subregional İqtisadi Əməkdaşlıq (SASEC) proqramlarından istifadə etməyi planlaşdırır. Bankın fəaliyyətdə olan əsas layihələri arasında ADB-nin Cənub-Şərqi Asiyada enerji təhlükəsizliyini gücləndirmək üçün həyata keçirilməsinə 10 milyard dollara qədər vəsait yönəltdiyi vahid ASEAN enerji sisteminin ("ASEAN Power Grid") yaradılmasına dəstək yer alır. Mərkəzi Asiyada bank sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinə və gömrük prosedurlarının optimallaşdırılmasına, Böyük Mekonq subregionunda isə iqtisadi dəhlizlərin inkişafına cəlb olunub. Bundan əlavə, strategiya rəqəmsal infrastruktur, o cümlədən transsərhəd məlumat ötürmə şəbəkələrinin və ödəniş sistemlərinin tətbiqi, həmçinin su ehtiyatlarının və ekosistemlərin birgə idarə edilməsi sahəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini nəzərdə tutur.

Xatırladaq ki, ADB 1966-cı ildə yaradılıb. 69 səhmdar ölkə, o cümlədən Asiya-Sakit okean regionunun 50 dövləti bankın üzvüdür.

Digər xəbərlər