2027-ci ildə Azərbaycanda qeyri-neft-qaz sektorunda ümumi daxili məhsul (ÜDM) istehsalının dəyəri 2023-cü illə müqayisədə 30 milyard manat çox olacaq.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
Onun sözlərinə görə, bu, 5 il ərzində 38 % artım deməkdir.
Azərbaycan hökuməti gələn il ölkədə 141 milyard manatlıq ÜDM istehsal olunacağını proqnozlaşdırır. Bunun 109,1 milyard manatlıq hissəsinin qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Beləliklə, gələn il ölkədə iqtisadi artımın 2,7 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4 % təşkil edəcəyi proqnozlaşdırılır. Neft-qaz sektorunda isə 1,8 % azalma gözlənilir.
"2027-ci ildə neftin büdcə qiyməti 65 ABŞ dolları götürülüb. Əlbəttə, bugünkü geosiyasi vəziyyəti nəzərə alaraq, neftin qiymətinin daha yüksək olacağını düşünürük. Lakin fiskal çərçivənin qorunması, ortamüddətli dövrdə vahid fiskal intizamın proqnozlaşdırılması məqsədilə konservativ yanaşma tətbiq edərək 65 dollarlıq proqnozu əsas götürmüşük", - deyə S.Babayev əlavə edib.