Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində Portuqaliyanın "Sportinq" kollektivi ilə oyunda ən yaxşı nəticəni göstərməyə çalışacaq.
Bunu "Report"a açıqlamasında "Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov deyib.
Mütəxəssis komandanın oyuna yaxşı hazırlaşdığını bildirib:
"Hazırlıq prosesi çox yaxşı keçib. Ölkə çempionatında iki oyun keçirmişik və hər ikisində qələbə qazanmışıq. Çempionlar Liqasının matçına da bu əhval-ruhiyyədə çıxacağıq. Komandada cüzi zədəsi olan oyunçularımız var, lakin buna baxmayaraq, hamısı meydana çıxacaq".
O, rəqibin güclü kollektiv olduğunu vurğulayıb:
"Hər şey qaydasındadır, rəqibin təhlili artıq aparılıb. Təbii ki, bu voleyboldur və hər cür nəticə ola bilər. "Sportinq" güclü və köklü komandadır. Biz ən yaxşı nəticəni göstərməyə çalışacağıq".
Qeyd edək ki, "Xilasedici" - "Sportinq" qarşılaşması bu gün Fövqəladə Hallar Nazirliyinin idman zalında saat 18:00-da start götürəcək. Tərəflər arasında cavab görüşü noyabrın 11-də təşkil olunacaq.