Durmuş Ünüvar: "Zəngəzur dəhlizinin istismara verilməsi Orta Dəhlizin potensialını artıracaq"

Zəngəzur dəhlizinin istismara verilməsi nəticəsində Orta Dəhlizin potensialı daha da artacaq.

"Report" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Durmuş Ünüvar II Azərbaycan-Türkiyə investisiya forumunda deyib.

Onun sözlərinə görə, ​hazırda Çindən Avropaya yüklər dəniz yolu ilə 45 günə daşınır: "Lakin Orta Dəhliz və Türkiyə vasitəsilə bu müddət cəmi 18 gün ola bilər. Bu məqamda qeyd edim ki, Azərbaycan və Gürcüstan ilə birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi qlobal miqyasda əhəmiyyət kəsb edən inteqrasiya layihəsidir".

Nazir müavini qeyd edib ki, ​regionun ən vacib nəqliyyat layihələrindən biri olan Zəngəzur dəhlizinin istismara verilməsi məqsədilə Türkiyədə Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli qoyulub: "224 kilometrlik bu layihənin dəyəri təxminən 140 milyard lirədir (təxminən 3,27 milyard ABŞ dolları - red.).

İnanıram ki, Zəngəzur bağlantısı təkcə regional deyil, həm də qlobal miqyasda dəhlizin inteqrasiyasını təmin edəcək. Bu layihələrlə birlikdə günü-gündən əhəmiyyəti daha da anlaşılan və Asiyadan Avropaya uzanan ən qısa, təhlükəsiz ticarət yolu olan Orta Dəhlizin potensialı daha da artacaq. ​Bu çərçivədə Türkiyə olaraq yalnız Mərkəzi Asiya və Avropa ilə deyil, həm də region ölkələri ilə reallaşması mümkün olan bütün inteqrasiya layihələrinə dəstək veririk".

Digər xəbərlər