Anar Quliyev Kəlbəcərin bərpa və inkişafına həsr olunmuş videoçarx paylaşıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 25 noyabr-Kəlbəcər Şəhəri Günü münasibətilə olunmuş videoçarx paylaşıb.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, işğaldan azad edildikdən sonra Kəlbəcərin inkişafı şəhərin dağlıq relyefinin xüsusiyyətləri və əhalinin ehtiyacları nəzərə alınmaqla hazırlanmış 2040-cı ilədək Baş plana uyğun həyata keçirilir. Sənədə əsasən, şəhərin ərazisinin iki dəfədən çox artırılaraq 130 hektardan təxminən 290 hektara, əhalisinin isə 7500 nəfərdən 17 min nəfərə çatması proqnozlaşdırılır. Ümumi yaşayış fondunun 488 min kvadratmetr təşkil etməsi və 4250 mənzilin yaradılması nəzərdə tutulur.

Şəhərdə artıq ilk yaşayış kompleksi tikilərək sakinlərin istifadəsinə verilib, yeni yaşayış məhəllələrinin və sosial obyektlərin inşası davam edir. O cümlədən 524 ailə üçün nəzərdə tutulan yaşayış məhəlləsində çoxmənzilli binalar, taunhaus tipli evlər, istirahət guşələri, uşaq oyun və idman meydançaları yaradılır. Yaşayış məhəllələrinin yaxınlığında təhsil kompleksinin inşası isə təhsil infrastrukturuna piyada əlçatanlığın təmin edilməsinə xidmət edir. Artıq Kəlbəcər şəhərinə 162 ailə olmaqla 681 nəfər qayıdıb.

Bərpa-quruculuq işləri rayonun kəndlərini də əhatə edir. Dəniz səviyyəsindən təxminən 2400 metr yüksəklikdə yerləşən Zar kəndində dağlıq relyefin xüsusiyyətləri nəzərə alınmaqla yaşayış evləri tikilir, zəruri sosial və mühəndis-kommunikasiya infrastrukturu yaradılır.

Kəlbəcərin inkişafında təbii mühitin və tarixi-memarlıq irsinin qorunması da mühüm yer tutur. Bölgənin ən dəyərli memarlıq abidələrindən biri olan qədim Xudavəng monastır kompleksi bu diyarın çoxəsrlik tarixini və zəngin mədəni irsini əks etdirir.

Təbii landşafta həssas yanaşma müasir şəhər mühitinin formalaşdırılmasında da əsas prinsiplərdəndir. Baş plana əsasən, şəhər ərazisinin 22 faizini, yəni təxminən 60 hektarını yaşıllıqlar təşkil edəcək, adambaşına düşən yaşıllıq sahəsi isə 33 kvadratmetrə çatacaq. Kəlbəcərdə yeni şəhər parkının salınması istiqamətində də işlər aparılır. Ekoloji mobilliyin inkişafı məqsədilə şəhərdə 27 kilometrdən artıq avtomobil yolu ilə yanaşı, 22 kilometr uzunluğunda velosiped yollarının salınması nəzərdə tutulur. Beləliklə, velosiped şəbəkəsinin uzunluğu avtomobil yollarının ümumi uzunluğunun təxminən 80 faizini təşkil edəcək.

Paralel olaraq, rayonun nəqliyyat və enerji infrastrukturu inkişaf etdirilir. Avtomobil yollarının və tunellərin tikintisi yüksək dağlıq yaşayış məntəqələrinə nəqliyyat əlçatanlığını artırır. Rayonda istifadəyə verilmiş 11 su elektrik stansiyası isə bərpaolunan enerji istehsalının genişləndirilməsinə, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi konsepsiyasının həyata keçirilməsinə töhfə verir.

İnfrastruktur layihələri ilə yanaşı, bölgənin iqtisadi potensialı da bərpa olunur. Təxminən 30 illik fasilədən sonra illik istehsal gücü 100 milyon şüşədən çox olan "İstisu" mineral su zavodu yenidən fəaliyyətə başlayıb. Müəssisədə 100-ə yaxın iş yeri yaradılıb. Arıçılıq və bal istehsalı da daxil olmaqla ənənəvi sahibkarlıq sahələri inkişaf etdirilir. Eyni zamanda, mehmanxanalar və turizm infrastrukturu inşa olunur, dağ və sağlamlıq turizminin inkişafı üçün şərait yaradılır. Bu layihələr investisiyaların cəlb edilməsinə, kiçik sahibkarlığın genişlənməsinə və yerli əhalinin məşğulluğuna yeni imkanlar açır.

Təqdim olunan videoçarx Kəlbəcərin inkişafına kompleks yanaşmanı - müasir şəhərsalma həllərinin tətbiqini, təbii və tarixi irsin qorunmasını, infrastrukturun və iqtisadiyyatın inkişafını əks etdirir. Həyata keçirilən işlərin başlıca məqsədi doğma yurdlarına qayıdan sakinlər üçün rahat yaşayış, əmək fəaliyyəti və istirahət imkanlarına malik müasir şəhər mühitinin yaradılmasıdır.

Digər xəbərlər