“Gürcüstan Hava Yolları” şirkəti koronavirus pandemiyası səbəbindən bankrot olub.
“Report”un yerli bürosu xəbər verir ki, qonşu ölkənin flaqman aviadaşıyıcısı maliyyə böhranı ilə üzləşib.
Aviaşirkətin 16 min fərdi şəxs və 70-dən çox şirkət qarşısında 176 milyon lari (57,1 milyon ABŞ dolları) məbləğində borcu yığılıb.
Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında “Gürcüstan Hava Yolları” reabilitasiya mərhələsinə keçib. Qərarla bu mərhələ aviaşirkətin reyslərin bərpası nəticəsində əldə edəcəyi gəlirlərə əsaslanacaq.
“Məhdudiyyətlərin yumşaldılması ilə aviaşirkət işini tam bərpa edəcək və bu da ona kreditorlar qarşısında öhdəlikərini yerinə yetirməyə imkan verəcək”, - qərarda qeyd olunub.
1993-cü ildə yaradılmış “Gürcüstan Hava Yolları” şirkəti (keçmiş “Airzena”) tam özəlləşdirilib.