"Bakıda sıxlığı azaltmaq üçün ölkənin regionlarının da cəlbediciliyinin artırılması vacibdir".
Bunu “Report”a açıqlamasında şəhərsalma üzrə avstriyalı ekspert Qeorq Redlhammer deyib.
"Hazırda dünyada əhalinin 50%-dən çoxu şəhərlərdə yaşayır. 2045-ci ilə qədər şəhər əhalisinin sayı 1,5 dəfə artaraq 6 milyarda çatacaq. Çünki hazırda regionlarda iş yerləri məhduddur. Bu isə şəhərləri cəlbedici edir. Regionlarda iş yerləri olsa insanlar şəhərlərə daha az üz tutar. Regionlarda yaşayan insanların təhsil alandan sonra geri qayıdaraq bilik və təcrübələrini orada tətbiq etməsi regionların cəlbediciliyi artıra bilər", - deyə o, qeyd edib.
Bundan başqa, ekspertin sözlərinə görə, paytaxtda nəqliyyatın sıxlığını azaltmaq üçün bir sıra ölkələrin təcrübəsinə istinad etmək vacibdir: "Bu məsələdə əsas yollardan biri sübutlara əsaslanan qərarların verilməsi, performans göstəriciləri (KPI ) ilə işləmək ola bilər. KPI hər hansı bir işin perfomansını ölçmək üçün istifadə olunan göstəricilərdir. Çünki bəzən bu sahədə fəaliyyət göstərən qurumun şəhərin nəqliyyat yükünü azaltmaq üçün yeni həll yolu ixtira etməsinə vaxtı olmur. Belə olan halda isə bir digər ölkələrin layihələrini sınaqdan keçirmək olar. Nəqliyyatın bütün problemlərinin həlli əsasən datalara əsaslanır. Əgər şəhərdə hər gün səhər saat 8-9 və axşam saat 6-7 arasında nəqliyyatda problemlər, yüklənmələr varsa, bu adi haldır, çünki bu problemlə hazırda bütün dünya üzləşir. Hər bir şəhərin özünəxas xüsusiyyətləri var, bəzi şəhərlərdə qlobal nəqliyyat var, bəzi şəhərlərdə metro var, bəzilərində isə yoxdur, bəziləri əsasən avtomobillərə diqqət yetirir, bəziləri isə daha çox velosipedə diqqət yetirir və velosiped yollarının salınmasını genişləndirir".
Q. Redlhammer həmçinin deyib ki, şəhərlərin artan yükünü azaltmaq üçün vergi güzəştləri də önəmlidir: “Şirkətləri ölkənin regionlarında fəaliyyət göstərmək üçün təşviq etmək olar. Həmin şirkətlərə vergi güzəştləri tətbiq etmək olar. “Amazon” kimi böyük şirkətlər özlərinin logistika mərkəzlərini dünyanın istənilən nöqtəsində açırlar. Onlar vergi məsələsini nəzərdən keçirirlər, cəlbedici təklifləri qəbul edirlər".