Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Report xəbər verir ki, sərəncamla 30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Lerik rayon İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.