"Azərişıq" 9 ayda istehlakçılardan 272 mindən çox müraciət qəbul edib

"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarını əhatə edən hesabat dövründə ASAN xidmət, ASAN kommunal mərkəzləri, KOB evləri və elektron xidmətlər vasitəsilə istehlakçılardan ümumilikdə 272 892 müraciət qəbul edilib.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin "ASAN xidmət"lə İş və Elektron İdarəetmə Departamentinin direktoru İnam Yusifov işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda istehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir: "Bu xidmətlərdən elektron qaydada istifadə imkanının yaradılması müraciət prosesini sadələşdirir, vətəndaşların vaxtına qənaət edir və xidmətlərə çıxış imkanlarını genişləndirir. Əsas məqsədimiz xidmət göstərməklə yanaşı, bu prosesin maksimum dərəcədə rahat olmasını təmin etməkdir. Bu baxımdan elektron müraciət imkanlarının genişləndirilməsi və xidmətlərin rəqəmsallaşdırılması fəaliyyətimizin prioritet istiqamətlərindəndir".

İ. Yusifov deyib ki, Azərbaycanda dövlət və kommunal xidmətlərin vahid rəqəmsal platformalarda birləşdirilməsi istiqamətində mühüm addımlar atılır: "Bu prosesdə "myGov" portalı vətəndaşların müxtəlif xidmətlərdən vahid məkanda yararlanması baxımından əhəmiyyətli rol oynayır. "Azərişıq" ASC-nin xidmətlərinin bu platformaya inteqrasiyası istehlakçıların elektrik enerjisi ilə bağlı məlumatlara çıxışını və müvafiq xidmətlərdən istifadə imkanlarını asanlaşdırır".

O deyib ki, "Azərişıq" ümumilikdə 3 milyon 178 min 416 istehlakçını elektrik enerjisi ilə təmin edib: "Onların 2 milyon 979 min 037 məişət istehlakçıları, 199 min 379 isə qeyri-məişət istehlakçılardır. İşğaldan azad olunmuş ərazilər üzrə istehlakçı sayı 16 min 922, məişət istehlakçıları 14 896, qeyri-məişət istehlakçıları 2 026 nəfərdir".

Digər xəbərlər