Azərbaycan dənizçilik standartlarının təkmilləşdirilməsi üzrə yeni təşəbbüslər irəli sürüb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Beynəlxalq Dəniz Təşkilatının (BDT) İnsan amili, təlim və növbə çəkmə üzrə Alt Komitəsinin on birinci sessiyasında müzakirə edilən "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya (əlavələrlə) üzrə mövcud boşluqların aradan qaldırılması təşəbbüsü ilə çıxış edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, beynəlxalq səviyyədə irəli sürülən bu təşəbbüslər çərçivəsində 3 boşluğun aradan qaldırılması məqsədilə DHDNÇ Məcəlləsinə dəyişikliklər olunmasına dair layihə təklifləri hazırlanıb. DDLA-nın təqdim etdiyi həmin təkliflər aşağıdakı istiqamətlər üzrədir:

385-ci boşluq – gəmilərdə təlim keçən müdavimlərlə (kursantlar) bağlı tələblərə dəyişiklik edilməsi;

56-cı boşluq – "İxtisaslı şəxs" anlayışına dair ixtisas meyarlarına dəyişiklik edilməsi;

165-ci boşluq – III/1 qaydanın tələbləri çərçivəsində təsdiq edilmiş dəniz xidmətinin müəyyən hallarda simulyator hazırlığı kimi alternativ tədbirlərlə əvəzlənməsinə imkan verən yeni bəndlərin əlavə olunması ilə bağlı dəyişikliklərin edilməsi.

Layihələri BDT qəbul edərək İnsan amili, təlim və növbə çəkmə üzrə Alt Komitənin 2026-cı ildə növbəti sessiyası çərçivəsində müzakirəyə çıxarılacaq rəsmi təkliflər siyahısına daxil edib və "IMODOCS" rəsmi səhifəsində yerləşdirib.

Sözügedən təşəbbüs Azərbaycanın dəniz nəqliyyatı sahəsində beynəlxalq proseslərdə fəal iştirakını, eləcə də ölkənin bu sahədə normativ və institusional potensialının artdığını bir daha nümayiş etdirir.

DDLA gələcəkdə də beynəlxalq gəmiçilik standartlarının təkmilləşdirilməsi, dənizçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi və onların təhlükəsizliklərinin təmin olunması istiqamətində yeni təşəbbüslərlə çıxış edəcək.

Digər xəbərlər

AYNA-nın şirkəti rebrendinq edib 18 dekabr, 2025 / 17:09