Akif Quliyev: "Kür çayının su səviyyəsinin yaxın illərdə azalması gözlənilmir"

Yaxın bir neçə il ərzində Kür çayının səviyyəsinin enməsi gözlənilmir.

"Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kür çayının səviyyəsinin qorunması və su ehtiyatlarının səmərəli idarə olunması istiqamətində görülən işlər Su Komissiyasının xüsusi nəzarəti altındadır.

A.Quliyev qeyd edib ki, Mingəçevir su anbarında 14 milyard kubmetrdən çox su toplanıb. Su ehtiyatlarının idarə olunması çərçivəsində anbarların doldurulması və boşaldılması, eləcə də Kür çayına suyun buraxılması ilə bağlı gündəlik hesabatlar aparılır.

"Biz agentlik olaraq suyun uçotunu aparırıq. Su anbarlarının doldurulması və boşaldılması, Kürə suyun buraxılması ilə bağlı gündəlik hesabatlar hazırlayırıq. Bu proseslər Su Komissiyasının xüsusi nəzarəti altındadır", – o bildirib.

A.Quliyev bir neçə il əvvəl Kür çayında suyun səviyyəsinin azalmasının səbəblərindən birinin ekoloji tarazlığın pozulması, digərinin isə yağıntıların az düşməsi olduğunu diqqətə çatdırıb.

O əlavə edib ki, Xəzər dənizinin suyunun içməli suya çevrilməsi layihəsi də Prezident İlham Əliyevin müvafiq tapşırıqları çərçivəsində həyata keçirilir: "Hazırda layihə üzrə işlər davam etdirilir və yaxın vaxtlarda aidiyyəti qurumlar tərəfindən məsələ ilə bağlı ətraflı məlumat veriləcək".

Digər xəbərlər