Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 9 310 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.
"Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 % çoxdur.
Qeydiyyata alınmış əmlaklardan 4 224-ü torpaq sahəsi, 3 530-u fərdi yaşayış və bağ evi, 1 180-i mənzil, 185-i qeyri-yaşayış sahəsi, 178-i qeyri-yaşayış binası, 13-ü isə əmlak kompleksi olub.
9 ayda daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,8 milyon manat xidmət haqqı toplanıb. Bu da 1 il əvvələ nisbətən 94 min manat və yaxud 5,3 % çoxdur.
Bundan başqa, hesabat dövründə hüquqi və fiziki şəxslər, eləcə də notariat ofislərindən Dövlət Xidmətinə 10 430 elektron müraciət daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 92,6 % çoxdur.