Bakı. 5 sentyabr. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrı sentyabrın 5-də 90-cı mövsümünün açılışını edib.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mövsümün açılışı münasibət ilə keçirilən iclasda teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov qarşıda duran vəzifələr haqqında məlumatı diqqətə çatdırıb, ilin sonunadək görüləcək işlər haqqında ətraflı məlumat verib.
Direktor mövsümdə yeni bir beynəlxalq layihənin həyata keçiriləcəyini də xüsusi vurğulayıb. Bakı Yunis Əmrə İnstitutu ilə birgə “Koroğlu” dastanının motivləri əsasında hazırlanacaq “Eşqi nigar” tamaşasının premyerası noyabr ayı üçün nəzərdə tutulub. Noyabrda digər premyera isə C.Sviftin “Qulliver Cırtdanlar ölkəsində” adlı tamaşa olacaq. İlin sonunda isə “Qar kraliçası” adlı tamaşa təhvil veriləcək.
Bildirilib ki, sentyabr ayının 7-dən 14-dək kollektiv Ufa şəhərində keçiriləcək “Tuqanlıq” VI Beynəlxalq teatr festivalında iştirak edəcək. Sözügedən festivalda Azərbaycanı yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” adlı təkadamlıq oyun tamaşası təmsil edəcək. Səhnə əsərində əsas ifaçı əməkdar artist Kəmalə Hüseynovadır.
Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, işıq üzrə rəssamı Vadim Kuskov, truykların quruluşu İsa Əsədova məxsusdur.
Bundan başqa, teatr Kalmıkiya Respublikasında keçirilən “Uşaq və yeniyetmələr üçün” Beynəlxalq teatr festivalına dəvət alıb. Sentyabrın 6-dək davam edən festivalda kollektiv Abdulla Şaiqin “Tıq-tıq” xanım tamaşası ilə çıxış edəcək. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, əsas obrazları əməkdar artist Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, İlham Əsədov, Elnur Hüseynov və başqaları ifa edir.
Oktyabr ayının 20-dən 30-dək isə teatr Rusiyanın Nijnevartovsk şəhərində keçiriləcək kiçik həcmli tamaşaların V Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Festivalda Azərbaycanı Patrik Züskindin eyniadlı əsəri əsasında hazırlanmış ”Kontrabas” tamaşası (ifaçı əməkdar artist Şövqi Hüseynov) ilə təmsil olunacaq.