Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "PHP" proqramlaşdırma dilində aşkar olunmuş və "PHP2Shell" adlandırılan iki kritik təhlükəsizlik boşluğu barədə xəbərdarlıq edir.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
"PHP" – veb-saytların və veb-tətbiqlərin işləməsini təmin edən ən geniş yayılmış proqramlaşdırma dillərindən biridir. İnternetdəki veb-saytların böyük hissəsi bu dil əsasında fəaliyyət göstərir. Bura "WordPress", "Joomla", "Drupal" kimi məşhur məzmun idarəetmə sistemləri (CMS), onlayn mağazalar, elektron təhsil platformaları və hostinq idarəetmə panelləri daxildir. Bu səbəbdən aşkar edilmiş boşluqlar tək bir resursla bitmir və həmin dildən istifadə edən bütün informasiya sistemləri üçün eyni vaxtda risk yaradır.
Aşkar edilən boşluqlar (CVE–2026-109618, CVE–2026-109619) 10 ballıq şkala üzrə 9,2 (kritik) səviyyədə qiymətləndirilib. Boşluqlar hücumçunun xüsusi hazırlanmış sorğu göndərməklə serverdə istənilən əmri uzaqdan icra etməsinə şərait yaradır. Prosesi həyata keçirmək üçün istifadəçi adı, parol və ya veb-saytın özündə hər hansı digər təhlükəsizlik boşluğunun olması tələb olunmur. Bu da hücumların sadə və genişmiqyaslı şəkildə həyata keçirilməsinə imkan verir.
Boşluqlardan uğurla istifadə edən tərəf serveri ələ keçirə və ona daimi uzaqdan giriş imkanı verən zərərli fayl yerləşdirə bilər. Belə ki, verilənlər bazası və digər xidmətlərə aid giriş məlumatları, eləcə də istifadəçilərin fərdi məlumatları oğurlana bilər. Həmçinin veb-saytın məzmunu dəyişdirilə, zərərverici proqram təminatı, o cümlədən fidyə proqramları yayıla, ələ keçirilmiş server isə təşkilatın daxili şəbəkəsinə sızmaq və digər sistemlərə hücum etmək üçün istifadə oluna bilər.
Bununla əlaqədar, MKA veb-sayt sahiblərini, host-provayderləri və informasiya sistemlərini idarə edən təşkilatları aşağıdakı tədbirləri təxirə salmadan həyata keçirməyə çağırır:
- "PHP"ni 8.5.12, 8.4.27, 8.3.36 və ya 8.2.35 versiyasına yeniləmək;
- Host-provayderin serverində yerləşən və serverə birbaşa çıxışı olmayan veb-sayt sahiblərinin provayderlə əlaqə saxlayaraq təhlükəsizlik boşluqlarının aradan qaldırılması üzrə zəruri tədbirlər görmək;
- Serverdə şübhəli əməliyyatların icra olunub-olunmadığını yoxlamaq;
- Serverin ələ keçirilməsinə dair şübhə yarandıqda sistemi şəbəkədən təcrid etmək, loqları (logs) qorumaq.
Əlavə olaraq, kiberinsident barədə dərhal Milli CERT-ə məlumat vermək, proqram təminatının təhlükəsizlik yeniləmələrini vaxtında tətbiq etmək, informasiya sistemlərinin təhlükəsizlik vəziyyətini mütəmadi yoxlamaq və monitorinqi gücləndirmək tövsiyə olunur.
Qeyd edək ki, gündəlik həyatımızda istifadə etdiyimiz rəqəmsal xidmətlərin böyük hissəsində işləyir. Beynəlxalq statistikaya görə, dünyada ən çox ziyarət edilən saytlar arasında server texnologiyası müəyyən edilə bilənlərin təxminən 70 %-i bu dil əsasında fəaliyyət göstərir. Həmin saytların 40 %-ə yaxınında istifadə olunan "WordPress" platforması da "PHP" üzərində qurulub. Başqa sözlə, ən çox ziyarət edilən saytların təxminən üçdə ikisi bu boşluqlarla potensial olaraq əlaqəlidir, yəni risk altındadır