Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı çərçivəsində "Üzgüçülük hamı üçün" yarışına start verilib.
"Report" xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Çıxışlardan sonra yarışa start verilib. Ölkə üzrə dördüncü dəfə təşkil olunan yarışda 9–10 yaş, 11–12 yaş, 13–14 yaş, 15–16 yaş, 17–19 yaş, 20–24 yaş, 25–29 yaş, 30–34 yaş, 35–39 yaş, 40–44 yaş, 45–49 yaş, 50–54 yaş, 55–59 yaş və 60 yaşdan yuxarı, ümumilikdə 1551 iştirakçı mübarizə aparır.
Yarışlar Bakı şəhəri və regionlarda yerləşən ümumilikdə 37 üzgüçülük hovuzunda keçirilir.
Qeyd edək ki, hər yaş kateqoriyası üzrə (kişilər və qadınlar) ilk iki yeri tutan idmançılar 2026-cı ildə türk dövlətləri arasında keçiriləcək "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar. Yarışlara dekabrın 21-də yekun vurulacaq.