Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərbi əməkdaşlıq müzakirə olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzruini qəbul edib.

Ölkələr arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov bu əlaqələrin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb. "Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimindən danışan nazir bu cür təlimlərin Azərbaycan ilə BƏƏ arasında hərbi əlaqələrin genişlənməsinə və orduların inkişafına töhfə verəcəyini qeyd edib.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant İsa Səif bin Ablan əl-Məzrui qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında birgə təlimlərin və ikitərəfli səfərlərin əhəmiyyətini vurğulayıb.

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev BƏƏ-dən olan həmkarı ilə görüşüb.

Baş Qərargahda keçirilən görüşdə general-polkovnik K.Vəliyev Azərbaycanda keçirilən "Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimində iştirak edən hərbi qulluqçuların fəaliyyətini yüksək qiymətləndirib.

​General-leytenant İsa Səif bin Ablan əl-Məzrui Azərbaycan ilə BƏƏ arasında əlaqələrin daha da gücləndirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.

​Tərəflər ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Görüşlərdən sonra Hərbi Hava Qüvvələrinin Birləşmiş Hava Əməliyyat Mərkəzində olan nümayəndə heyətinə burada görülən işlər barədə ətraflı məlumat verilib.

Digər xəbərlər