Xaçmaz rayonunda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Kamran Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Siyavuş Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu il iyunun 23-də Xaçmazın Xuray kəndində keçirilən toy mərasimində baş verib.
Həmkəndlisinin qızının toyunda iştirak edən 1975-ci il təvəllüdlü Nuriyev Füzuli Əlişah oğlu ilə toyda çəkiliş aparan Məmmədov Kamran Bahadır oğlu arasında mübahisə yaranıb. Toydan 300 metr aralıda davam edən əlbəyaxa dava zamanı K.Məmmədov üzərində olan bıçaqla F.Nuriyevin döş qəfəsinə 2 zərbə vurub.
F.Nuriyev döş qəfəsinin sol yarısının, qarının ön divarının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
K.Məmmədoba Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.