Qonşusunu bıçaqladıqdan sonra özünə xəsarət yetirənə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda və narkotikdən istifadə etməkdə təqsirləndirilən Orxan Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Orxan Eyvazov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə onun barəsində narkomaniyadan məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar da çıxarılıb.

İttihama görə, Orxan Eyvazov qonşusu Şahin Quliyevlə mübahisə zəminində onu bıçaqlayıb. Mübahisə məhəllədə söyüş söyülməsinə görə yaranıb.

Orxan Eyvazovun həbs zamanı narkotik vasitədən istifadə etdiyi də məlum olub.

Qeyd edək ki, Orxan Eyvazov polis əməldaşları tərəfindən saxlanılan zaman bıçaqla öz qarın boşluğuna xəsarətlər yetirib. Onun daha əvvəl ciddi psixi problemləri olduğu və uzun müddət müalicə aldığı məlum olub.

O.Eyvazova Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 234.1-ci (narkotik vasitələrdən istifadə) maddələri ilə ittiham verilib.

Məhkəmə istintaqı dövründə Şahin Quliyev onu bıçaqlayan qonşusunu bağışlayıb.

Digər xəbərlər