Özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edərək vətəndaşı aldadan şəxsə hökm oxunub

Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Şükürovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini R.Şükürov saxlanılıb.

Onun yaşadığı evdən hüququ-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Digər xəbərlər