"Azərbaycanda münaqişənin təsirinə məruz qalan əhalinin müdafiəsi, yaşayış vasitələri və iqtisadi təhlükəsizliyi üçün erkən bərpa yardımının təminatı" layihəsinin təqdimat mərasimi olub.
"Report" xəbər verir ki ki, layihəni Avropa İttifaqının (Aİ) Mülki Müdafiə və Humanitar Yardım və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) həyata keçirəcək.
Tədbirdə Aİ tərəfindən maliyyələşdirilən Erkən Bərpa Fəaliyyət Layihəsi barədə məlumat verilib. Bildirilib ki, layihə keçmiş təmas xəttində minatəmizləmə fəaliyyətlərini dəstəkləyəcək və bu ərazilərdə yaşayan aztəminatlı ailələrə müxtəlif yaşayış vasitələri təqdim etməklə onların rifahının yaxşılaşdırılmasına kömək edəcək. Həmçinin kənd təsərrüfatından asılı olan 1500 şəxsə və onların ailələrinə birbaşa və təcili olaraq qısamüddətli dəstək verəcək.
Layihə həmçinin Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbərlik etdiyi humanitar minatəmizləmə işlərində iştirak etmək üçün fövqəladə hallara cavab qruplarının hazırlanmasına, təchiz edilməsinə və yerləşdirilməsinə kömək edəcək. Bu minatəmizləmə komponenti keçmiş təmas xəttinin yaxınlığında yaşayan, mina və partlamamış hərbi sursat riski altında olan 43 000 insana fayda verəcək.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko layihə barədə məlumat verib: "Minalar hərbçilərlə mülki şəxslər arasında heç bir fərq qoymayan dəhşətli silahlardır. Avropa İttifaqı Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyir. Bu layihə münaqişə sonrası partlamamış hərbi sursatlara görə həyatları risk altında olan insanlara fayda verəcək və ümid edirik ki, onların həyatını xilas etməyə kömək edəcək. Cənubi Qafqazı minalardan azad görmək niyətindəyik. Bu risklərin aradan qaldırılması üçün beynəlxalq tərəfdaşlıq önəm daşıyır. Azərbaycanda azad olunan ərazilərə əhalinin qayıtması üçün hər zaman dəstək göstərməyə hazırıq. Bu dəstək gələcəkdə də davam edəcək".
BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista vurğulayıb ki, humanitar minatəmizləmə əməliyyatına sərmayə qoymaq 2030-cu il gündəliyinə nail olmaq üçün əsasdır:
"BMTİP ANAMA ilə 1999-cu ildən bəri uzunmüddətli tərəfdaşlığa malikdir. Biz birlikdə son illər ərzində 806 000-dən çox mina və digər partlayıcı sursatların təmizlənməsinə kömək etmişik, 160 500-dən çox məcburi köçkün qadın, uşaq və kişinin evlərinə təhlükəsiz qayıtmasını təmin etmişik. Qadınlar münaqişələr zamanı ən çox zərər çəkənlərdir. Bu layihədə də onlara köməklik göstəriləcək. Avropa İttifaqının maliyyəsi sayəsində biz indi bu dəstəyi genişləndirə və ona ən çox ehtiyacı olanlara həyat və yaşayış vasitələrinin yaxşılaşdırılmasında birbaşa yardım göstərə biləcəyik”.
Azərbaycan Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov qeyd edib ki, ANAMA əhalinin azad olunan ərazilərə rahat və təhlükəsiz qayıtması üçün işlər aparır:
"Beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrə də yardım edir. Agentlik yarandığı gündən bu günə kimi 32 min hektar ərazidən 60 minə yaxın mina zərərsizləşdirilib. Müharibə bitəndən bu günədək azad olunan ərazilərdə 39 şəxs minaya düşmə nəticəsində həyatını itirib, 184 nəfər isə yaralanıb. Ümumilikdə isə zərərçəkənlərin sayı 223 nəfərdir".