FHN: Girdimançayda selə düşən 5 nəfər xilas edilib - YENİLƏNİB

Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 5 nəfər xilas edilib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Niva" markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib.

Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 3 nəfər - Hüseynov Gümşüd Mərdan oğlu, Rüstəmov Ehtiram Sadıq oğlu (1968) və Əzimov Simran Eynulla oğlu (1985) xilas edilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Zərnava kəndindən yas mərasimindən qayıdan şəxslər "Niva" markalı avtomobillə Girdimançayı keçmək istəyərkən sel səbəbindən çayın ortasında köməksiz vəziyyətdə qalıblar.

Hadisə ilə bağlı gecə saat 01:57-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və FHN-in 101 Çağrı Xidmətinə müraciət daxil olub. Hadisə yerinə FHN-in 10 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib.

Xilasedicilər ağır texnika və xüsusi avadanlıqlardan istifadə edərək Girdiman çayında köməksiz qalan şəxsləri xilas ediblər.

Digər xəbərlər

Ağdamda yanğın başlayıb 13 iyun, 2026 / 17:22