Gəncədə piyada əleyhinə mina aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi ərazisində minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə çay sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Piyada əleyhinə minanın ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50