“Bizim Market” şəbəkəsinin sahibinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Quliyev 11 il və H.Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Quliyev və H.Quliyeva “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq, barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanovun şikayət ərizəsində qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Ötən il fevral ayının 3-də Xətai Rayon Məhkəməsində S.Quliyev və onun anası barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Digər xəbərlər