Bir yumruq ölümə səbəb oldu - MƏHKƏMƏ

Qəbələ rayonunda ölümə səbəb olmaqda təqsirləndirilən Nurlan Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə 2019-cu il iyul ayında Qəbələ rayonunun Dızaxlı kəndində baş verib.

Kənd sakini Teymur Səfərçinovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Araşdırmalarla həmin gün kəndin ərazisində Teymur Səfərçinovla həmkəndlisi Nurlan Rəhimov arasında münaqişə baş verməsi və sonuncunun onu baş nahiyəsinə yumruqla vurduğundan ölməsi müəyyən edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Nurlan Rəhimov tutulub.

Nurlan Rəhimova Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. 

Digər xəbərlər