Biləsuvarda 70 yaşlı qadının qəsdən öldürüldüyü müəyyən edilib - BİRGƏ MƏLUMAT - YENİLƏNİB

Biləsuvar rayon İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürüldüyü müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Məlumata görə, həyata keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, Gülbəniz Həsənzadənin Almaz Cəfərovanın gəlini olduğu, Qasım Həsənovun isə onun gəlininin qardaşı olduğu bildirilir.

Biləsuvar sakini, 1955-cü il təvəllüdlü Almaz Cəfərovanın boğularaq öldürülmə ehtimalı ilə əlaqadar Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

"Report"un Muğan bürosunun məlumatına görə, bir müddət öncə öz əcəli ilə öldüyü deyilən qadının boğularaq öldürüldüyü ehtimal edilir.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 13 dekabr, 2025 / 21:28