Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

"Report" xəbər verir ki, müraciətdə hazırda ölkənin bəzi dağlıq və dağətəyi ərazilərində hava şəraitinin dəyişkənliyi, qar yağması, duman, eləcə də yolların buz bağlaması müşahidə olunur.

Qeyd edilir ki, mövcud hava və yol şəraiti həmin istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyi baxımından əlavə diqqət və məsuliyyət tələb edir:

"Baş Dövlət Yol Polisi İdarəsi həmin ərazilərdə gücləndirilmiş rejimdə xidmət aparır və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri intensivləşdirilib.

Aparılan müşahidələr göstərir ki, qarlı və buzlu yol şəraitində dağlıq ərazilərdə sürücülük təcrübəsi kifayət qədər olmayan şəxslərin iştirakı ilə, xüsusilə mürəkkəb yol şəraitinə hazırlıqsız sürücülər arasında yol-nəqliyyat hadisələrinə daha çox rast gəlinir. Bu isə bir daha onu göstərir ki, dağlıq ərazilərə xas yol və hava şəraitində avtomobil idarə etmək risklərin qabaqcadan düzgün qiymətləndirilməsini, vəziyyətə uyğun qərar verməyi və xüsusi təcrübə tələb edir.

Sürücülərin diqqətinə çatdırılır:

- Dağlıq ərazilərə səfər etməzdən əvvəl hava və yol şəraiti barədə məlumat əldə edin;

- Nəqliyyat vasitəsinin texniki sazlığına xüsusi diqqət yetirin;

Qarlı və buzlu yol sahələrində sürət həddini azaldın;

- Təhlükəsiz ara məsafəsini qoruyun;

- Qəfil manevr və kəskin əyləclərdən çəkinin;

- Mövsümə uyğun təkərlərdən istifadə edin;

- Dumanlı hava şəraitində işıq cihazlarından yol hərəkəti qaydalarına uyğun istifadə edin;

- Mövcud hava və yol şəraitində sürücülük təcrübəsi kifayət qədər olmayan sürücülərə, o cümlədən xanım sürücülərə dağlıq ərazilərdə hərəkət zamanı daha ehtiyatlı olmaları, zərurət olmadıqda isə səfərləri təxirə salmaları tövsiyə olunur.

Unutmayın: Yolda verilən hər bir qərar məsuliyyət tələb edir. Mövcud şəraitə uyğun davranış həm sizin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin əsas təminatıdır".

Digər xəbərlər