Bakıda cibgirliklə məşğul olan dəstə saxlanılıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda cibgirliklə məşğul olan 4 nəfər saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunan - İltifat Ağabalayev, Mahir Bədəlov, Məhəmməd Bağırov və Bisuddin Süleymanov tutulub. Onların hər birindən 10 qramdan artıq narkotik vasitə - tiryək aşkar edilərək götürülüb. Müəyyən olunub ki, onlar sentyabrın 17-də 28 May küçəsində yerləşən, Aygün Hacılıya məxsus ofisdən noutbuk, sentyabrın 27-də həmin küçədəki mebel mağazasında İlqar Niftəliyevin mobil telefonunu masanın üzərindən, pencəyinin cibindən isə içərisində şəxsiyyət vəsiqəsi, sosial və bankomat kartları olan pul kisəsini oğurlayıblar. Bundan başqa, dəstə üzvləri sentyabrın 29-da Puşkin küçəsində yerləşən mağazada Gülxara Niftiyevanın və Azadlıq prospektində yerləşən ticarət mərkəzində Ruhiyyə Aydınovanın əl çantalarından mobil telefonlarını ələ keçiriblər.

Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29