Bakıda vətəndaşlara qarşı quldurluq etməkdə təqsirləndirilən Sahib Cəfərli, onun qardaşı Mehdi Cəfərov və Azər Ağacanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Novruz Kərimovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Ötən il noyabrın 26-da saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakininin idarə etdiyi “London-Taxi” markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildiriblər.
Xırdalan şəhəri ərazisində onlar sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alaraq, hadisə yerini tərk ediblər.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirdiyinə görə məhkum olunmuş Sahib Cəfərli saxlanılıb.
Cinayətdə şübhəli bilinən S.Cəfərlinin qardaşı, əvvəllər qəsdən sağlamlığa zərər vurduğu üçün 2 dəfə məhkum olunmuş Mehdi Cəfərov ötən il dekabrın 3-də Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun qanunsuz olaraq silah saxladığına görə də axtarışda olması müəyyən edilib.
Təqsirləndirilən şəxslərin digər cinayətləri də müəyyən edilib. İş üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.
Onlara Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddəsi ilə ittiham verilib.