Ağstafada bıçaqlanan məktəbli xəstəxanadan evə buraxılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, aprelin 9-u saat 12:40 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2010-cu il təvəllüdlü şəxs sol budun aşağı 1/3 hissəsinin kəsilmiş-deşilmiş yarası ilə hospitalizasiya edilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib, cərrahın baxışından sonra saat 14:40 radələrində ambulator müalicə üçün evə buraxılıb.
Şəfiqə Nazimqızı
Ağstafa rayonunda məktəblərdən birində bıçaqlanma hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, şagirdlərdən biri tənəffüs vaxtı mübahisə zəminində məktəb yoldaşına bıçaqla xəsarət yetirib.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Report”un Qərb bürosunun sorğusuna verilən cavabda fakt təsdiqlənib, xəsarət almış şagirdin sağlamlığının və psixoloji durumunun izləndiyi bildirilib:
“Ağstafa rayonunda 8-ci sinif şagirdinin 9-cu sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb. Məsələ ilə bağlı bildiririk ki, 09 aprel tarixində tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib.
Xəsarət almış şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir.
Qeyd edirik ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür".
