İngiltərənin "Liverpul" klubunun və Misir millisinin futbolçusu Məhəmməd Salah Kriştianu Ronaldu ilə komanda yoldaşı ola bilər.
"Report" "The Telegraph"a istinadən xəbər verir ki, portuqaliyalı forvardın çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası 33 yaşlı hücumçunu heyətinə cəlb etmək niyyətindədir.
Bu ölkənin "Əl-Hilal", "Əl-İttihad", "Əl-Əhli" və "Əl-Qadisiya" klubları da Salahla maraqlanır.
Oyunçunun hazırda Mersisayd təmsilçisində işləri qaydasında getmir. O, UEFA Çempionlar Liqasının əsas mərhələsində "İnter"ə İtaliyada qalib gəldikləri matçı (1:0) da buraxıb.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.