Premyer Liqa: "Qəbələ" son dəqiqələrdə məğlubiyyətdən xilas olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Sumqayıt" Qəbələdə eyniadlı komandanın qonağı olub. Şəhər stadionundakı görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı 17-ci dəqiqədə Araz Abdullayev açıb. Əyalət təmsilçisi 88-ci dəqiqədə İsnik Aliminin cərimə zərbəsindən vurduğu qolla məğlubiyyətdən xilas olub.

İlk hissədə qonaqların müdafiəçisi Camaləddin Xocaniyazov zədələnərək, Rüfət Abdullazadə ilə əvəzlənib.

Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Qəbələ" 4-cü pillədəki mövqeyini qoruyub. 15 xalı olan "Sumqayıt" isə 7-ci sırada yer alıb.

Günün digər matçında "Qarabağ" "Şamaxı"nı qəbul edəcək.

Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları ilə yekun vurulacaq.

Digər xəbərlər