"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında rekorda imza atıb.
"Report" xəbər verir ki, norveçli hücumçu 111-ci oyununda 100-cü qolunu vurub.
E.Holann bu nəticəni XIX turda "Fulhem"lə səfər matçında əldə edib. Buna nail olmaq üçün ona 111 oyun lazım olub.
Bundan əvvəlki rekord 1995-ci ildə ingilis hücumçu Alan Şirerə məxsus idi. O, turnirdə ilk 100 qolunu 124 oyunda vurub.
Qeyd edək ki, 25 yaşlı Holann 2022-ci ilin iyulunda "Mançester Siti"yə qoşulub. Norveçli futbolçu klubla iki İngiltərə çempionluğu, bir İngiltərə Kuboku, həmçinin Çempionlar Liqası və UEFA Super Kubokunu qazanıb.