Adrian Mutu: “Bu cür oyundan sonra üzülürəm”

“Bu cür oyundan sonra üzülürəm. Çünki çempionat matçlarına da eyni məşqlərlə hazırlaşırıq. “Zenit” kimi güclü rəqiblərə qarşı yaxşı oynayırıq, digər matçlarda fərqli davranış olur”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Rusiyanın “Zenit” klubuna 2:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşündən sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis komandasının “Neftçi Arena”da baş tutan qarşılaşmadakı performansından razılığını bildirib: “Çətin oyun oldu, güclü rəqiblə qarşılaşdıq. Futbolçuların meydandakı davranışından razı qaldım. Ümid edirəm ki, bu yöndə davam edəcəyik”.

O, çempionatda bu səviyyədə oyun sərgiləyə bilməmələrinin səbəbi barədə sualı belə cavablandırıb: “Mənim bu suala cavabım yoxdur. Sadəcə, Reziuan Mirzovun qollar vurması, formaya düşməsi məni sevindirir”.

Baş məşqçi gənc qapıçı Rza Cəfərovdan razılıq bildirib: “Ona ilk dəfə şans verən mən olmuşam. “Sabah”la görüşdə Rzanı meydana buraxanda hamı məni tənqid edirdi. İndi isə sual verirlər ki, Rza niyə oynamır? O, zədədən yeni qayıdıb”.

Mətbuatı izlədiyini bildirən Adrian Mutu bəzi futbolçuların hələ tam uyğunlaşmadığını da etiraf edib: “Neftçi” kimi böyük klubda çalışıram, ətrafımdakı dostlar mətbuatı izləyib mənə tərcümə edirlər. Dili bilmədiyim üçün yaxından izləyə bilmirəm. Amma gələcəkdə yaxından izləməyə çalışacağam. Yeni gələnlər üçün uyğunlaşma prosesi elə də asan deyil. Bəzi çempionatlarda tələblər başqa olur, məğlubiyyətdən sonra tənqid çox olmur. Amma burada elə deyil”.

Digər xəbərlər