Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb.
"Report"un məlumatına görə, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) yarışın bürünc mükafatına sahib çıxıblar.
A.Cəfərli üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (10:0) qalib gəlib. X.Karsanov rusiyalı Andrey Bestayevi 8:1 hesabıyla üstələyib.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc, qadın güləşçilərdən Günay Qurbanova (59 kq) gümüş medal qazanıb.