"İdman şəhəri Bakıda olduğumuz üçün çox məmnunuq".
"Report"un məlumatına görə, bunu Dünya Hərbi İdman Şurasının (CİSM) Balkan, Qaradəniz və Qafqaz ölkələri üzrə idman koordinatoru Nevzat Varol hərbçilər arasında Bakıda keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi yarışın yüksək səviyyədə təşkil olunacağına şübhə etmədiyini bildirib: "Azərbaycanda hərbçilər arasında cüdo, güləş və boks yarışlarına şahidlik etmişik. CİSM-in tarixində ilk futbol yarışını 2013-cü ildə uğurlu şəkildə Azərbaycanda keçirdik. CİSM artıq dünyada 140 ölkənin üzv olduğu təşkilatdır. Hələ də bəzi ölkələr pandemiyadan sonra fəaliyyətini bərpa edə bilməyib. Ancaq Azərbaycan çox qısa müddətdə bu vəziyyətə gözəl reaksiya göstərdi. Hazırda son yoxlamalar üçün buradayıq. Hər şey mükəmməl görünür. Yarışın təşkilatçılığının gözəl alınacağına əminəm".
Qeyd edək ki, hərbçilər arasında dünya çempionatı Dövlət Sərhəd Xidmətinin, həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr - 3 dekabr tarixlərində “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.