Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi üzrə yarışlarında daha bir qızıl medal qazanıb.
Bu barədə "Report"a Azərbaycan Respublikası Milli Olimpiya Komitəsindən bildirilib.
Komandanın üzvü Elgün Kərimli (90 kq) final görüşündə Gürcüstan təmsilçisi Nuradin Mustafayevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
B qrupunda mübarizə aparan idmançı qrup mərhələsində keçirdiyi hər üç görüşü qələbə ilə başa vurub. E.Kərimli əvvəlcə Moldova təmsilçisi Artiom Kakeanı və Mərakeş idmançısı Nour Qannamı, sonuncu görüşündə isə Braziliya təmsilçisi Allan Smit di Souza Beserranı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Seneqal təmsilçisi Ablaye Diufu mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib.
Beləliklə, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi üzrə yarışları 3 medalla başa vurub. Təmsilçilərimizdən daha əvvəl Tunar Quliyev (70 kq) qızıl, Nihad Süleymanlı (80 kq) isə gümüş medal qazanıb. Günel Kərimli (55 kq) isə Oyunları beşinci pillədə tamamlayıb.