Azərbaycan şahmatçısı dünya çempionatındakı çıxışından razı qalmayıb

Azərbaycan şahmatçısı Aydın Süleymanlı ABŞ-nin Nyu York şəhərində keçirilən rapid və blits üzrə dünya çempionatındakı çıxışından razı qalmayıb.

Bu barədə "Report"a açıqlamasında 19 yaşlı qrossmeysterin özü bildirib.

"Rapid mərhələsində pis təsir bağışladığımı deyə bilərəm. Elə ilk oyunlardan nəyinsə yolunda getmədiyi açıq-aşkar görünürdü. Blitsdə isə nisbətən yaxşı çıxış etdim. Əslində burada da ilk 2 oyunda xal toplamamışdım. Lakin sonradan bir az da olsa, özümü toparladım və növbəti görüşlərdə daha yaxşı təsir bağışlayıb 13 oyundan 8.5 xal əldə etdim. Beləliklə, azərbaycanlılar arasında ən yaxşı nəticə göstərən şahmatçı oldum", - deyə o vurğulayıb.

A.Süleymanlı qarşıdakı hədəflərindən də söz açıb:

"Mənim üçün dünya çempionatının əsas mahiyyəti yanvarın 17-də başlayacaq "Tata Stell Chess Tournament"ə praktiki hazırlıq idi. Ümid edirəm ki, orada daha yaxşı mübarizə aparacağam".

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 15 şahmatçı ilə təmsil olunub. Onlardan heç biri blitsdə 1/4 finala yüksələ bilməyiblər. Rapiddə isə ən yaxşı nəticəni kişilərdən Məhəmməd Muradlı (12-ci yer), qadınlardan Günay Məmmədzadə (23-cü yer) göstəriblər.

Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək "Tata Stell Chess Tournament" isə yanvarın 17-dən fevralın 2-dək keçiriləcək.

Digər xəbərlər