Azərbaycan Güləş Federasiyasında (AGF) Güləş İrsi və İcması Komitəsinin növbəti iclası baş tutub.
Bu barədə "Report"a AGF-dən məlumat verilib.
Görüşdə Komitə üzvləri, federasiya nümayəndələri ilə yanaşı, tanınmış güləş veteranları da iştirak edib. İclasda Azərbaycan güləşinin zəngin tarixi irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində görülə biləcək işlər müzakirə olunub.
İclasın əsas müzakirə mövzusu Azərbaycan güləşinin tarixini əks etdirən kitabın hazırlanması olub. Bu istiqamətdə ilkin müzakirələr aparılıb, layihənin məzmunu, əhatə dairəsi və ərsəyə gətirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilib.
Qeyd olunub ki, belə bir nəşrin hazırlanması Azərbaycan güləşinin keçdiyi tarixi yolu, görkəmli idmançıların və məşqçilərin xidmətlərini, əldə olunan nailiyyətləri sistemli şəkildə əks etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə səsləndirilən fikir və təkliflərin gələcək fəaliyyət planında nəzərə alınması, layihə ilə bağlı müzakirələrin davam etdirilməsi məqsədəuyğun hesab olunub.