Üçüncü yer pis nəticə deyil, çünki Azərbaycan bayrağını yüksəltdilər.
Bunu “Report”a açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova kişilərdən ibarət millinin Xorvatiyanın Osiyek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında çıxışını dəyərləndirərkən deyib.
Olimpiya çempionu gözləntilərin daha yüksək olduğunu söyləyib:
“Kişilərdən ibarət komandamız Xorvatiyada üçüncü yeri tutdu. Düşünürəm ki, Avropada kişilər arasında üçüncü yer yaxşı nəticədir. Əlbəttə, istəyərdik birinci olsunlar. Amma bu da pis nəticə deyil, çünki Azərbaycan bayrağını yüksəltdilər”.
Qeyd edək ki, Avropa çempionatında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə kişilərin komanda yarışında Ruslan Lunyov, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığma üçüncü yeri tutub.